14 iyun 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Ülviyyət” ictimai mükafatına layiq görülüb

İyunun 14-də Bakıda, Heydər Əliyev Sarayında “İnkişaf naminə birlik” devizi altında Azərbaycan qadınlarının IV qurultayı işə başlayıb.


Qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lərin təmsilçiləri iştirak edirlər.


Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çoxsaylı qadın təşkilatlarının müraciətləri əsasında ölkəmizdə qadın hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Ülviyyət” mükafatına layiq görüldüyünü bildirib.


Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciətlər, eləcə də yekun qətnamə qəbul olunacaq.