24 iyun 2013

“Heydər Əliyev Fondu: İstedadların dəstəklənməsi, Azərbaycan mədəniyyətinin təbliği, sərgilərin təşkili və elmi araşdırmalara töhfə”

Azərbaycanın Liviyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət mətbu orqanı olan “Libya əl-Əxbariyyə” qəzetində “Heydər Əliyev Fondu: İstedadların dəstəklənməsi, Azərbaycan mədəniyyətinin təbliği, sərgilərin təşkili və elmi araşdırmalara töhfə” sərlövhəli məqalə dərc olunub.


Məqalədə bildirilir ki, Heydər Əliyev Fondu Azərbaycan tarixinə müstəqil müasir dövlətin qurucusu kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsinin öyrənilməsi və yayılması, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.


Məqalədə 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondunun elm və təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya, sosial sahələrdə, həmçinin Azərbaycanın xaricdə dəstəklənməsinə, onun mədəni irsinin qorunmasına yönəlmiş digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verdiyi vurğulanıb.


Yazıda qeyd olunyr ki, Fondun əsas məqsədi Azərbaycanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə dəstək olmaq, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardım etmək, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməkdir. Həmçinin Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə dəstək olmaq, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, respublikamızın və xarici dövlətlərin təhsil müəssisələri ilə əməkdaşlıq etmək də əsas məqsədlərinə daxildir: “Fondun loqosu isə Azərbaycan xalqının ümummilli liderin ideyaları ətrafında birləşməsini simvolizə edir”.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə, habelə dünya mədəniyyətinin qorunmasında və qadınların hüquqlarının müdafiəsi işində verdiyi töhfələrə görə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri seçildiyini xatırladan müəllif 2005-ci ilin oktyabrında Pakistanın Müzəffərabad şəhərində baş vermiş güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş məktəb binasının Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə yenisi ilə əvəzləndiyini vurğulayır: “Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-ci ildə “Pakistan Sweet Home” Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərindəki 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib, habelə bir çox uşaq evlərində tibbi müayinələr və peyvənd aksiyaları keçirilib”.


Yazıda, Heydər Əliyev Fondunun savadsızlığın aradan qaldırılması və gender bərabərliyi istiqamətində fəaliyyəti barədə də ətraflı məlumat verilir, Fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 300 müasir məktəbin tikildiyi qeyd olunur.