16 yanvar 2014

“İrs” jurnalında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib

Azərbaycanın Yaponiyadakı səfirliyinin və “İRS-Isan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “İrs” jurnalının yapon dilində növbəti nömrəsi nəşr edilib.

 

Jurnalda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi oxuculara təqdim olunur.

 

Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir, Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələrindən bəhs olunur.

 

Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının “Qarabağ – muğamın beşiyi”, Tofiq Musayevin ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında “Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun böyük Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş “Müasirimiz Məhsəti Gəncəvi” məqalələri və s. dərc edilib.

 

Jurnalda tanınmış yapon iqtisadçı-eksperti Kazuyasu İşidanın “Yeni zirvələr fəth edən Azərbaycan” və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin “Odlar yurdu Azərbaycana səyahət” başlıqlı məqalələrilə də tanış olmaq mümkündür.

 

Jurnalın nəşrində məqsəd yapon xalqının Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və inkişaf perspektivləri haqda daha ətraflı məlumatlandırılmasıdır.


VİDEO