27 fevral 2014

Xocalı faciəsi Türkiyədə anılıb

Fevralın 27-də Türkiyədə Azərbaycan tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib. İstanbul Gelişim Üniversitesində keçirilən mərasimdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, ictimai xadimlər, yazarlar, ziyalılar iştirak ediblər.

 

Türkiyə parlamentinin deputatı Atilla Kaya Xocalıda yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini xatırladıb. Çıxış edənlər Türkiyə gənclərini erməni təbliğatına qarşı yalnız fevralın 26-da deyil, hər zaman mübarizə aparmağa səsləyiblər.

 

Sonda Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyi tərəfindən nəşr olunan, Xocalı faciəsini əks etdirən fotolar nümayiş olunub.

 

Həmin gün daha bir anım mərasimi Bursa Uludağ Üniversitesində keçirilib. Heydər Əliyev Fondunun Türkiyə Nümayəndəliyinin Uludağ Universitetinin Türk Dünyası Topluluğuyla birgə təşkil etdiyi konfransda Bursa şəhər rəhbərliyi, nüfuzlu alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, universitetin müəllim və tələbələri iştirak ediblər.

 

Çıxış edənlər Xocalı soyqırımı haqqında danışıb, ermənilərin 22 il əvvəl törətdikləri bu qanlı aksiyanın miqyası və qəddarlığına görə bəşər tarixinin ən böyük cinayətlərindən biri olduğunu vurğulayıblar.