13 iyun 2014

Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında anadangəlmə ürək qüsuru olan uşaqlar üçün pulsuz aksiya keçirilib

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilib.


Bir həftə davam edən aksiyada anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunublar. Xəstəxananın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudov Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə son illərdə vaxtaşırı “Uşaq həftəsi” proqramlarının həyata keçirildiyini xatırladıb. Budəfəki aksiyada yerli və xarici mütəxəssislərin iştirakı ilə 20-yə yaxın uşaq üzərində çox mürəkkəb əməliyyat sayıla biləcək anadangəlmə ürək qüsuru əməliyyatı aparılıb. Əməliyyatlara Azərbaycanda rezidentura təhsili alan gənc həkimlər və gənc mütəxəssislər də cəlb olunublar. Həftə ərzində aztəminatlı ailələrlə yanaşı, 60-dan çox anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqların da müayinə və müalicələri təşkil olunub.