14312837123839346165_750x500.jpg
10 may 2015

Buxarestdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 10-da Rumıniyanın Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.


Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.


Əvvəlcə ümummilli liderin büstü önünə əklillər qoyulub.


Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət ediblər. Nümayəndəliyin direktoru İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasındakı xidmətlərindən bəhs edib. İ.Hacıyev, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çoxşaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən də danışıb, Heydər Əliyev Fondunun Rumıniyada 8 il ərzində həyata keçirdiyi layihələrdən söz açıb.


Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov da çıxış ediblər.


Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində təşkil olunmuş fotosərgi ilə tanış olublar. Onlar Fondun ümummilli liderin həyat və fəaliyyətinə dair çəkdiyi filmə də baxıblar.


FOTO