14328901072568846715_750x500.jpg
29 may 2015

Heydər Əliyev Fondu Rumıniyadakı fəaliyyətinə görə “Mükəmməllik diplomu” ilə təltif edilib

Heydər Əliyev Fondu Rumıniyada əlillərlə iş üzrə yüksək səviyyəli fəaliyyətinə görə “Mükəmməllik diplomu” ilə təltif edilib.

 

Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyi yanında Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsi tərəfindən verilən mükafat Fonda Buxarestdə “Kraliça Elizabeta” Liseyinin təşkilatçılığı və Fondun dəstəyi ilə keçirilən 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbirdə təqdim edilib.

 

Kor və görmə qabiliyyəti zəif olan şagirdlərin təhsil aldıqları “Kraliça Elizabeta” Liseyində keçirilən tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Buxarest məktəbləri inspektorluğunun rəhbər heyəti, Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyinin əməkdaşları, əlil şagirdlər və onların valideynləri iştirak ediblər.

 

Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsinin prezidenti Mihaela Ungureanu Heydər Əliyev Fondunun Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Fondun əlillərlə apardığı iş, ehtiyacı olanların yanında olması həm də iki dövlət və xalq arasında dostluq münasibətlərinin təzahürüdür.

 

Mihaela Ungureanu Heydər Əliyev Fondu və Əlillərin Müdafiəsi Milli Komitəsinin gələcəkdə bir sıra layihələr həyata keçirəcəyini deyib və Fondun prezidenti Mehriban Əliyevaya Rumıniyada aparılan xeyriyyəçilik fəaliyyətinə görə təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev təltifə görə minnətdarlıq edib, Fondun Rumıniyada 8 illik fəaliyyəti haqda məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu Rumıniyada əlillərin müdafiəsi üzrə ixtisaslaşmış hökumət və qeyri-hökumət təşkilatları ilə bundan sonra da sıx əməkdaşlıq çərçivəsində işləyəcək.

 

Tədbir lisey şagirdlərinin hazırladığı bədii proqramla davam edib.

 

Sonda kor və görmə qabiliyyəti zəif olan şagirdlərə Heydər Əliyev Fondu tərəfindən xüsusi səsli proqramla işləyən kompyuterlər hədiyyə olunub.


FOTO