IMG_8516.JPG
19 fevral 2016

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 19-da Azərbaycan Dillər Universitetində (ADU) təqdimat keçirilib. Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə təşkil olunan tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.

 

Qeyd edək ki, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə dövlət qurumları, gənclər təşkilatları, ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edir.

 

ADU-nun rektor vəzifəsini icra edən Dünyamin Yunusov Ermənistanın tarixdə ən dəhşətli və amansız soyqırım aktlarından birini törətdiyini və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib. O, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində xüsusi rolu olduğunu vurğulayıb. Rektor gənc nəsli Ermənistanın işğalçılıq siyasəti, Xocalı faciəsi barədə məlumatların beynəlxalq miqyasda yayılması istiqamətində fəaliyyətdə aktiv iştiraka çağırıb.

 

“Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov məlumat verib ki, artıq bir sıra dövlətlərin parlamentlərinın Xocalı faciəsini rəsmi şəkildə soyqırımı kimi tanımasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsinə nail olunub. Niderland, Almaniya, Türkiyə, Meksika, Bosniya və Hersoqovinada soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks və abidələr ucaldılıb.

 

Bildirilib ki, indiyə qədər Xocalı faciəsinə həsr olunmuş müxtəlif təbliğat və maarifləndirmə vasitələri hazırlanıb. Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.