2.JPG
31 avqust 2018

Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib

Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.

 

Qonaqlara Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr, tədbirlər barədə məlumat verilib.

 

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. “Çox istərdim ki, bu möhtəşəm layihə uzunömürlü olsun və gələcək nəslin maariflənmə, mütaliə məsələlərində əsas rollardan birini oynasın”, - Günel Rzayeva deyib.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb və bunun davamlı olacağını söyləyib. Regionlardakı Heydər Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslərə yüksək diqqətlə yanaşdığını qeyd edib. “Bizim çoxdankı arzumuz idi ki, Bakıda yüksək şəraiti olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürəm ki, biz buna nail olduq”, - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin hər kəs üçün maraqlı olacağını bildirib.

 

Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açıq olacağını deyən Anar Ələkbərov fiziki cəhətdən qüsurlu insanların buraya sərbəst daxil olmasının nəzərə alındığını deyib. Diqqətə çatdırıb ki, Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Belə ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev tədbirdə çıxış ediblər.

 

Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.

 

Bakı Kitab Mərkəzi layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını səmərəli keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib.

 

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar da əldə etmək olar. Eyni zamanda, sensor ekranlarda Mərkəzdə satılan kitablar haqqında məlumat almaq mümkündür.

 

Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.

 

Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Kitab satışı ilə yanaşı, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim edilən kitab və jurnallarla tanış ola biləcəklər.

 

Həmçinin burada müxtəlif nəşrlərlə yanaşı, "I love Baku" milli brendinin Azərbaycana dair suvenirlərini və “Azərmarka”nın məhsullarını əldə etmək mümkündür.

 

Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər. Mərkəzin yeniliklərini “Facebook” və “Instagram” səhifələrindən də izləmək mümkündür:

 

www.facebook.com/bakubookcenter

 

www.instagram.com/bakubookcenter


FOTO

VİDEO