ebf2695bb631562c5122b7a545279dfe.jpg
26 oktyabr 2018

“İdeyadan Biznesə” startap turlarının respublika üzrə qalibləri seçilib

Bu ilin aprel ayından etibarən icrasına başlanılan “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.

 

“İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib.

 

Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu “İnnoEkspo” sərgisinə ekskursiya edib, “Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.

 

Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə, 8 regionu əhatə edən startap marafonuna dair videorolik nümayiş olunub.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tədbirdə çıxış edib.

 

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

 

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

 

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri “Gonex”, (I yer) “ Smart Reaktor” (II yer) və “Noahland” (III yer) komandaları olub.

 

İnformasiya texnologiyaları üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platforma olan “Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir.

 

Sumqayıt şəhərini təmsil edən “Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.

 

Naxçıvanı təmsil edən “NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.

 

I yerin qalibi 10 min, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğində mükafatlandırılıb.

 

“İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.


FOTO