2.JPG
20 aprel 2023

Çindəki “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonu ziyarətçi axını ilə seçilir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu və Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ilə görüşüb.

 

ÇXR Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu Azərbaycanın Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkına dəstək göstərən ilk ölkələrdən olduğunu vurğulayaraq Heydər Əliyev Fondu tərəfindən parkda yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonun qurulmasına görə təşəkkür edib.

 

Çinin Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkında 2021-ci ildən fəaliyyət göstərən “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonu parka mütəmadi gələn ziyarətçilərin marağına səbəb olub. Cənab Siaovu şəhərin turizm potensialının gələcəkdə artacağı səbəbindən parka və pavilyona da yüksək ziyarət axını olacağını qeyd edib.

 

Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ötən forumda Azərbaycanın fəxri qonaq qismində iştirakını və Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin mədəni əlaqələrin inkişafi baxımından əhəmiyyətindən söz açıb. O, gələcək forumlarda da Azərbaycanla əməkdaşlıq etmək niyyətini bildirib.

 

Qeyd edək ki, “Qədim məskənlər” parkında məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonu olub. Pavilyonda Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, milli geyimlər, musiqi alətləri, habelə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qayaüstü rəsmlərinin imitasiyası da eksponatlar sırasında yer alıb. 


FOTO