Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Göyçay rayon Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbi sentyabrın 15-də istifadəyə verilib.
Qarabaqqal kəndindəki tam orta məktəbin 1939-cu ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü və Elm və Təhsil Nazirliyinin sifarişi ilə müasir məktəb binası inşa edilib.
Yeni inşa edilən 3 mərtəbəli 2 korpusdan ibarət məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otağı, hərbi-hazırlıq otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, idman zalı və açıq idman meydançası var. Məktəb əyani vasitələrlə tam təchiz olunub. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, şəhid Hümmət İsmayılovun büstü qoyulub və kənd şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksi inşa edilib.