31 yanvar 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda ikinci Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 31-də Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ikinci Azərbaycan-Alman Cərrahiyyə Günləri başlamışdır.


Fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

 

Tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələrin, treninqlərin və birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi nəzərdə tutulmuşdur. Bu treninqlər regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaqdır. Bundan başqa, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulmuşdur.

 

Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq, Almaniyanın aparıcı universitet klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi və bir sıra birgə layihələr müzakirə ediləcəkdir.