Mayın 24-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Qazaxıstan rəhbərini böyük səmimiyyətlə qarşıladılar.
Prezident Nursultan Nazarbayevə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı söhbət açdı.
Prezident Nursultan Nazarbayev və Qazaxıstan nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Nursultan Nazarbayev dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, ümummilli liderimizlə müxtəlif görüşlərdə birgə çəkdirdikləri fotoşəkillərə, habelə onun Avropa, Asiya ölkələrinin liderləri ilə şəkillərinə böyük maraqla baxdı.
Qazaxıstan Prezidenti Fondla tanış olduqdan sonra xatirə kitabına qazax dilində öz ürək sözlərini yazdı: "Heydər Əliyevin xatirəsi xalqın qəlbində daim yaşayacaq. O, bütün həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr etdi və ölməzlik qazandı".
Prezident Nursultan Nazarbayev öz ölkəsinin azadlıq rəmzi olan abidənin maketini Fondun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.
Mehriban Əliyeva Prezident Nursultan Nazarbayevə xatirə hədiyyələri bağışladı.
Ali qonaq Fonddan xoş təəssüratla ayrıldığını bildirdi.
X X X
Mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışı münasibətilə hazırlanmış xatirə plaketini Heydər Əliyev Fondunda saxlanmaq üçün onun prezidenti Mehriban Əliyevaya təqdim etdi.