20 sentyabr 2012

Tatyana İvşina: Ulyanovskun Heydər Əliyev Fondu ilə əməkdaşlığı mehriban dostluq ənənələrinin davamıdır

Ulyanovsk və Heydər Əliyev Fondu arasında uğurlu əməkdaşlığın ən iri layihələrindən biri Fondun və Ulyanovskdakı Azərbaycan diasporunun köməyi ilə 2009-cu ildə ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Bizim üçün çox xoşdur ki, abidənin təntənəli açılış mərasimində ölkələrimizin prezidentləri iştirak etmişlər.


Bu sözləri Moskvada keçirilən mətbuat konfransında Ulyanovsk vilayəti qubernatorunun müşaviri, “Ulyanovsk mədəniyyət paytaxtıdır” Fondunun direktoru Tatyana İvşina Heydər Əliyev Fondu və Ulyanovsk şəhəri arasında əməkdaşlığın perspektivləri haqqında AzərTAc-ın müxbirinin sualını şərh edərkən söyləmişdir.


Rusiya, o cümlədən Ulyanovsk ilə Azərbaycan arasında mehriban dostluq ənənələri olduğunu vurğulayan T.İvşina demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ulyanovskdakı orta ümumtəhsil məktəblərindən birində Azərbaycan mədəniyyəti muzeyi açılmış, məktəbin binası Fondun dəstəyi ilə bərpa edilmişdir. T.İvşina demişdir: “Fond sayəsində həm muzey, həm də məktəb yeni nəfəs almışdır”.


Ulyanovsk vilayəti qubernatorunun müşaviri MDB layihələri çərçivəsində də Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirmişdir.


O, məmnunluqla qeyd etmişdir ki, Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Birliyin mədəniyyət paytaxtları proqramının icrası çərçivəsində Ulyanovskda ötən mədəniyyət forumunda fəal iştirak etmişdir. T.İvşina demişdir: “Ötən il bizim forumda Azərbaycandan çoxlu yaradıcı kollektiv iştirak etmişdir. Bir sözlə, əməkdaşlığın bu istiqaməti hərtərəfli dəstəklənir və biz ümidvarıq ki, bu il MDB ölkələrinin hamısının təmsil olunacağı Ulyanovsk mədəniyyət forumunda azərbaycanlı həmkarlar da iştirak edəcəklər”.


Tatyana İvşina Ulyanovsk şəhəri rəhbərliyinə Azərbaycanla əməkdaşlığı, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində əməkdaşlığı davam etdirməyi arzulamışdır.