img_5041_inner.jpg
29 dekabr 2010

Heydər Əliyev Fondu “Buta” sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. 


Dekabrın 29-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızları Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızları uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.


Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərildi.


Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba “sehrli çubuğu” ilə yolkanı işıqlandırdı.


Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.


Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqqaslara qoşulan, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.


Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və valideynlərin diqqətindən yayınmadı.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ƏLİYEVA bayram şənliyində çıxış edərək dedi:


- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər.

 

Mən sizi Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çox şadam ki, bu il də Yeni ili, Yeni il sevincini sizinlə birlikdə paylaşırıq. Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc görürəm. Arzum odur ki, hər zaman siz belə gülərüz, belə xoşbəxt olasınız.


Yeni il bütün başqa bayramlardan fərqli bir bayramdır. Uşaqların ən sevimli bayramıdır. Mənim də ən sevimli bayramlarımdan biridir. Adətən Yeni ili insanlar ən yaxın doğmaları, ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq, mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik.


Bu gün bu saraya gələrkən dövlətimizin başçısının, Prezident İlham Əliyevin də mənə tapşırığı oldu. O, sizə təbriklərini, salamlarını və məhəbbətini çatdırır.


Bu gün Azərbaycanda sizin üçün bütün şərait yaradılıb. Ümidvaram ki, siz dərslərinizi yaxşı oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam böyüyəcəksiniz və valideynlərinizi, bizi, böyüklərinizi hər zaman uğurlarınızla sevindirəcəksiniz.


Bu günlər bütün dünyada uşaqlar Yeni il bayramını qeyd edirlər. Biz də Heydər Əliyev Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm sarayı belə gözəl bəzədik, sizi bura dəvət etdik. Ümidvaram ki, siz bu şənlikdən razı qaldınız, sevinc hiss etdiniz. Ona görə də mən yenə də sizi təbrik etmək istəyirəm. Yeni il bayramının bir özəlliyi də vardır. Adətən insanlar - həm böyüklər, həm uşaqlar Yeni il gecəsi ürəyində bir arzu tutur. Mənim arzum odur ki, ürəyinizdə olan bütün istəklər gerçəkləşsin, Yeni ildə həyata keçsin. Bir daha hamınızı səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.


X X X


Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür etdilər.


Balacalar Mehriban xanımla xatirə şəkli çəkdirdilər.


Şənliyin sonunda hər bir uşağa Heydər Əliyev Fondunun Yeni il hədiyyələri təqdim olundu.


Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində ümumilikdə 2 minədək uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulur.


Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların “Buta” sarayına təhlükəsiz gəlib-getməsi üçün 12 rahat avtobus ayrılmışdır.


FOTO