0.JPG
17 mart 2007

Heydər Əliyev Fondu “Hərəmiz bir ağac əkək” layihəsinin icrasına başladı

Ulu öndərin arzu və istəklərinin həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində yeni bir layihəsini reallaşdırır. 


Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək" devizli layihənin icrasına Mehriban xanımın deputat seçildiyi Əzizbəyov rayonundan başlanmışdır.


Abşeronun ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsi çoxdandır belə qələbəlik görməmişdi. Yüzlərlə sakin hələ bir müddət əvvəl, Heydər Əliyev Fondunun çağırışına qoşularaq, istifadəsiz qalmış 8 hektardan çox ərazini yaşıllıq salmaq üçün yararlı vəziyyətə gətirmiş, buraya Şüvəlanda qazılmış artezian quyusundan kəmərlə su xətti çəkilmişdi. 


Bu layihənin əhəmiyyətini yetərincə qiymətləndirən qəsəbə sakinləri martın 17-də ailəliklə iməciliyə çıxaraq, bu savab işə öz töhfələrini verdilər.


Ağsaqqallardan biri isə bu işin İslam dinində də təqdir olunduğunu xatırladaraq, Məhəmməd Peyğəmbərin bir hədisini misal çəkdi: "Bir gün yaxın əsabələrinin əhatəsində olan Rəsulillahdan ahıl bir qoca soruşur: Ömrümün qürub vaxtıdır, nə edim ki, haqq olan o dünyaya özümlə bir az da çox savab aparım? Peyğəmbər dərhal cavab verir: ağac ək. Əsabələrdən digəri soruşur ki, daha nə edək ki, savab yükümüz bir az da ağır gəlsin?


Peyğəmbər Əleyhissəlam yenə eyni cavabı verir: Ömrünüzə bir gün qaldığını bilsəniz də, yenə ağac əkin, ən böyük savab ondadır".


Həmin gün burada 9 minə qədər sərv, küknar, şam ağacları əkən insanlar üçün ətrafda çadır qurulmuş, bayram süfrəsi da açılmışdı.


Sakinlər bu tədbirə qoşulmaq üçün gələn Mehriban xanım Əliyevanı böyük səmimiyyətlə qarşıladılar.


"Mən də özümün, ailə üzvlərimizin payına düşən ağacları əkim", - deyən Mehriban xanım yer qazıb tingləri əkərək dibinə torpaq, su töküb dayaqlara bağladı.


Qəsəbə sakinləri Mehriban xanımın bu savab təşəbbüsünə ürəkdən qoşulduqlarını bildirdilər, qısa söhbət etdilər.


- Maşallah, o vaxt siz gələndə parkda əkdiyimiz ağacların da hamısı böyüyübdür. Ayağınız sayalıdır. Hər bir evdə şəkliniz var, Allah Sizə, ailənizə cansağlığı versin. Allah Prezidentimizə, övladlarınıza cansağlığı versin, sizdən çox razıyıq. Hədiyyələrinizi də almışıq, bilirik ki, 5 min nəfərə - imkansız, şəhid, əlil, qaçqın-köçkün ailələrinə, tənha qocaların hamısına Novruz payı göndərmisiniz, böyük köməkdi, hamı bu işinizdən çox razı qalıb. Allah dayağınız olsun. Gördüyünüz işlər hamını razı salır, deputatımız olduğunuza görə sizinlə ikiqat fəxr edirik.


MEHRİBAN XANIM ƏLİYEVA: Bu, böyük kampaniyadır. Təkcə Əzizbəyov rayonunda yox, bütün ölkəmizdə gərəkli bir yaşıllaşdırma, abadlaşdırma işləri aparacağıq. Mən bu gün Əzizbəyov rayonunda bir neçə məktəbdə, uşaq bağçasında oldum. Çünki bizim belə bir proqramımız var ki, ilk növbədə, rayonda yerləşən bütün məktəblər və bağçalar gərək yenidən qurulsun, lazımınca təmir olunsun, təzələri tikilsin, ən yüksək standartlara cavab versin. Bu proqramımızı da həyata keçiririk.


Bizim bu ağac əkmək kampaniyamıza dəstək olduğunuza görə sağ olun. Hamınızın, ailələrinizin Novruz bayramı mübarək olsun, işiniz avand olsun. Prezident də mənə sizin hamınıza bayram təbriklərini çatdırmağı xahiş etmişdir.


- Biz də hamılıqla Prezidentimizi, sizi, övladlarınızı təbrik edirik, canınız sağ, işləriniz avand olsun. Prezidentimizə də deyin ki, biz ondan çox razıyıq.


Mehriban xanım iməcilik iştirakçıları ilə xatirə şəkli çəkdirdi.


FOTO