file1283497062918.jpg
2 sentyabr 2010

“Nezavisimaya qazeta” 2 sentyabr tarixli nömrəsində Heydər Əliyev Fondunun Ulyanovsk şəhərindəki məktəb binasının əsasli təmiri ilə əlaqədar məqalə dərc edib

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra sentyabrın 1-də şagirdlərin istifadəsinə verilmişdir. Nüfuzlu “Nezavisimaya qazeta” nəşrinin 2 sentyabr tarixli nömrəsində bu əlamətdar hadisə ilə əlaqədar məqalə dərc edilmişdir.

 

Məqaləni təqdim edirik.

 

Heydər Əliyev Fondu Ulyanovska, həqiqətən, misilsiz hədiyyə bəxş etmişdir. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov “məktəb layihəsi”ni Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın bir hissəsi və məntiqi davamı adlandırmışdır. Məktəb Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ərəfəsində açılmışdır.

 

Yeniləşmiş 78 nömrəli məktəb sentyabrın 1-də qapılarını şagirdlərin üzünə açmışdır. Binanın dam örtüyü və fasadı tamamilə dəyişdirilmiş, köhnə, çatlamış pəncərə çərçivələri plastik çərçivələrlə əvəz edilmiş, işıqlandırma sistemi dəyişilmiş, məktəbin həyəti abadlaşdırılmışdır.

 

Bizim rasional dövrdə belə möcüzələr, tez-tez olmasa da, baş verir. Ancaq bu möcüzələr yalnız xoş mərama və böyüməkdə olan nəslin sanballı və dərin biliklər əldə etməsi, bəşəriyyətin mədəni irsinin bir hissəsinə çevrilməsi arzusuna əsaslanır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ulyanovskdakı 78 nömrəli məktəbin təmir olunması ilə bağlı təklifi də bu istək və qayğıdan qaynaqlanmışdır.

 

Mehriban xanım Əliyevanın nüfuzlu beynəlxalq forumlarda məzmunlu çıxışlarını bircə dəfə dinləyən hər kəs onun mədəniyyətinin, intellektinin, geniş dünyagörüşünün sehrinə düşür. Bu cazibənin əsasını, şübhəsiz, onun istedadı və əla təhsili təşkil edir. Onun Azərbaycanda və Rusiyada, Pakistanda və Rumıniyada, Hollandiya və Gürcüstanda, Misirdə və dünyanın buna ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır. Heydər Əliyev Fondunda hesab edirlər ki, həyatda xeyirxah iz qoymaq, dünyanın gələcəyinə qayğı göstərmək də elə budur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-ci illərində Xəzərin sahilindəki bu respublikadan gəncləri Rusiya ali məktəblərinə təhsil almağa göndərəndə də məhz gələcəyi düşünürdü. Heydər Əliyevin adını daşıyan Fond da ilk günlərdən qarşısına məhz belə xeyirxah məqsəd qoymuşdur.

 

Yeri gəlmişkən, Ulyanovsk təsadüfən seçilməmişdir. Azərbaycanın Rusiyanın bu regionu ilə qədim dostluq əlaqələri vardır. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev “Aleksandr Suvorov” teploxodunun qəzaya uğraması ilə əlaqədar yaradılmış dövlət komissiyasına başçılıq etmişdir. Sonralar artıq müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Rusiyanın bu regionu ilə əməkdaşlığı inkişaf etdirirdi. Regionun əhalisi hələ də dahi lideri hərarətlə xatırlayır. Ulyanovskda onun şərəfinə abidə ucaldılmışdır, şəhərin meydanlarından biri Heydər Əliyevin adını daşıyır.

 

Məktəbin əsaslı təmiri layihəsinin dəyəri 25 milyon rubldur. Məktəbin təkcə xarici görünüşü deyil, məzmunu da dəyişmişdir. İndi uşaqlar yenilənmiş məktəb muzeyində odlar yurdu Azərbaycanın tarixi və mədəniyyəti barədə materiallarla tanış ola biləcəklər. Məktəbin kitabxana fondu da xeyli zənginləşdirilmiş və ən başlıcası isə təhsil ocağına “1:1 – gələcək üçün təhsil” layihəsi çərçivəsində Azərbaycanda istehsal olunmuş noutbuk dəstləri hədiyyə olunmuşdur.