123.jpg
15 fevral 2013

Fransız mətbuatı Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir

Fransız mətbuatı Heydər Əliyev Fondunun Azərbaycanı yaxından tanıtmaq məqsədi ilə Fransada həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. “Alzasın son xəbərləri”, “Alzas” və digər mətbu orqanlarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Alzas regionunun Miluz və Strasburq şəhərlərində təşkil olunan sərginin və konsertin fransızlar arasında böyük maraq doğurduğu və Azərbaycan barədə məlumatlarını zənginləşdirdiyi haqda müxtəlif sərlövhəli məqalələr dərc edilib.


“Alzas” qəzetində Miluzda keçirilən Azərbaycan günləri ilə bağlı qəzetin müxbiri Ursula Loranın “Mədəni və turizm kəşfləri” adlı yazısında ölkəmizlə bağlı sərginin fransızların az tanıdığı Azərbaycanın zəngin tarixi və mədəniyyəti barədə hərtərəfli məlumat əldə etmələrindən, turizm həvəskarlarının özləri üçün yeni bir marşrut müəyyənləşdirmələrindən bəhs olunur. Sərgidə nümayiş etdirilən eksponat və videoçarxların Azərbaycanı sözün əsl mənasında Qafqazın mirvarisi olan bir ölkə kimi xarakterizə etdiyi diqqətə çatdırılır.

 

Qəzetin “İctimaiyyət çox məmnun qaldı” sərlövhəli digər yazısında Strasburqdakı “Turissimo” sərgi salonunun direktoru Filipp Mederin 2013-cü ildə təşkil olunan beynəlxalq sərgidə ilk dəfə yer alan Azərbaycan guşəsində nümayiş etdirilən eksponatlar hesabına ekspozisiyanın zənginləşdirilməsinə, iştirakçıların Azərbaycanla ilk dəfə tanışlıq imkanı əldə etmələrinə, yay tətillərini mənalı keçirmək aludəçisi olan fransızların turizm imkanları inkişaf edən və müasir tələblərə cavab verən bir ölkəyə səfər etmələrinə imkan yaranması barədə fikirlərinə geniş yer verilib.


Məqalədə Azərbaycanın zəngin mədəniyyətə malik olduğu qeyd olunur. Müəllif Jenevyev Don-Anqlar bunu nümayiş etdirilən incəsənət və miniatür əsərlərin, keramikaların, xalçaların, tikiş və misgərlik nümunələrinin timsalında aydın göründüyünü diqqətə çəkir.


Müəllif cari ilin sonlarında Azərbaycanda ikinci beynəlxalq şərab festivalının keçiriləcəyi və Fransanın da şərəfli qonaq qismində bu mötəbər tədbirə dəvət olunduğu haqda məlumat verir.


Qəzetin “Turissimo Strasburqda 20 illiyini bayram edir” başlıqlı yazısında şəhərdə açılan beynəlxalq sərgidən və belə möhtəşəm tədbirdə “Odlar diyarı” Azərbaycan guşəsinə hədsiz maraq göstərildiyi, fransızların bir çoxunun belə bir ölkə ilə yaxından tanış olmamalarına təəssüf hissi keçirdikləri qeyd edilir.


Regional mətbu orqanı olan “Alzasın son xəbərləri” qəzetində geniş yer alan “Azərbaycan Dövlət Kamera Orkestri: klassik və ənənəvi musiqi” sərlövhəli yazıda Strasburqun möhtəşəm musiqi sarayında təşkil olunan Azərbaycan incəsənət ustalarının konsertindən və bu konsertin fransız tamaşaçılarında yaratdığı təəssüratdan söhbət açılır.


Məqalədə Strasburq ictimaiyyətinin və Avropa diplomatlarının iştirak etdiyi konsertin Xəzər dənizi sahillərində yerləşən günəşli Azərbaycanı yaxından tanıtmaq, Avropa Şurasının üzvü olan ölkəmizin xalqı ilə fransızlar arasında əlaqələri inkişaf etdirmək məqsədi daşıdığı qeyd olunub, bu istiqamətdə Heydər Əliyev Fondunun əməli fəaliyyəti xüsusi vurğulanıb.

 

Məqalədə qeyd olunur ki, artıq fransız tamaşaçılarına yaxşı tanış olan Teymur Göyçayevin dirijorluğu ilə keçən konsert Azərbaycanın zəngin musiqisindən, habelə mədəniyyətindən xəbər verir. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa bəstəkarlarının əsərlərinin yüksək səviyyədə ifa edilməsinin strasburqluları və qonaqları heyrətə saldığı, ilk dəfə belə ecazkar musiqi nömrələrini dinlədikləri diqqətə çatdırılır, xalqımıza məxsus balaban və digər musiqi alətləri ilə ilk dəfə tanış olduqları, bu musiqi alətlərində ifaların fransız tamaşaçılarının hədsiz marağına səbəb olduğu bildirilir.


Qəzetin “Azərbaycan musiqisi” başlıqlı yazısında Azərbaycan Dövlət Kamera Orkestrinin Strasburqda təşkil olunan konsertindən ətraflı söhbət açılır, bu konsertin Azərbaycan mədəniyyətinin zənginliyi ilə yaxından tanış olmağa imkan yaratdığı vurğulanır.


Məqalədə muğam musiqisi barədə ayrıca söhbət açılır, bu musiqi növünün ölkəmizdə geniş yayıldığı, qədim musiqi kimi nəsildən-nəslə ötürülən muğamın bütün xalq tərəfindən sevildiyi diqqətə çəkilir, 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında şedevr əsərlər sırasına daxil edildiyi qeyd olunur.


Qəzetlərdə Miluz və Strasburqda təşkil edilən sərgi və konserti əks etdirən çoxsaylı şəkillər dərc olunub.

 

http://www.dna.fr/culture/2013/02/12/classique-et-traditionnel


Paylaş: