20 fevral 2014

Fransa mətbuatı Strasburqda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans haqda yazır

Fransanın Alzas regionunun əsas mətbuat orqanı olan “Alzasın son xəbərləri” qəzetində fevralın 14-də Strasburqda keçirilmiş və Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransdan bəhs edən yazı dərc edilib. 

 

“Nizami Gəncəvinin məhəbbət anlayışı” sərlövhəli məqalədə Nizami Gəncəvinin məhəbbət fəlsəfəsindən bəhs olunur. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimlinin “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi” mövzusunda çıxışında səsləndirdiyi fikirlərə istinad edən müəllif yazır: “Məhəbbət anlayışı Nizami Gəncəvi dünyasının fəlsəfəsi və konsepsiyasını təşkil edir. Məhəbbət təbiətin qanunudur. Nizami Gəncəviyə görə, məhəbbət varlıqlar arasında universal ünsiyyət formasıdır. Bu, canlı varlıqlar və təbiət arasında bir dildir. O, habelə çox güclü qarşılıqlı tərbiyə vasitəsidir. Dahi şairə görə, kişi ilə qadın arasındakı məhəbbət hörmət və rəğbət əsasında yaranır və qarşılıqlı kamilliyə aparır”.

 

Məqalədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun konfransda səsləndirdiyi fikirlərə də yer verilib.

 

Alzas regionunun Mədəniyyət məsələləri üzrə baş idarəsinin direktoru Alen Haussun, Strasburq Milli və Universitet Kitabxanasının administratoru Albert Puaronun, Strasburq Milli və Universitet Kitabxanasının əlyazmaların və mədəni irs bölməsinin rəhbəri Frederik Blenin, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimlinin, Prinston Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru Mikael Barrinin, Fransa Dillər və Sivilizasiyalar kitabxanasının Şərq əlyazmaları üzrə elmi direktoru Fransis Rixardın, Berlinin Humbolt Universitetinin professoru xanım Eva-Mariya Auxun, Neapol Universitetinin professoru Mişel Bernardininin, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alimin beynəlxalq konfransdakı çıxışları da məqalədə öz əksini tapıb.


http://www.dna.fr/culture/2014/02/18/une-malencontreuse-erreur-s-est-glissee-dans-l-article-sur-nizami-gandjavi-ce-qu-est-l-amour