2 iyul 2014

Strasburqda nəşr olunan “Alzasın son xəbərləri” qəzeti Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi tədbirlərdən yazır

Strasburqda gündəlik nəşr olunan “Alzasın son xəbərləri” qəzetində iyun ayı ərzində Alzas regionunun Miluz şəhərində Azərbaycanla bağlı keçirilən tədbirlər haqda silsilə məqalələr dərc olunub.

 

Belə məqalələrdən biri “Məhsəti Gəncəvi ədəbiyyat fakültəsində” adlanır. Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Miluzun Ot-Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin adına məşvərət zalının açılmasından bəhs edilir.

 

Yazının müəllifi Jan-Mari Valder Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən bu layihənin Azərbaycanın tarixini, mədəni dəyərlərini fransızlara daha yaxından tanıtmaq məqsədi daşıdığını bildirir. Müəllif layihə çərçivəsində bir neçə ay əvvəl Miluzda Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyi ilə əlaqədar şairənin həyat və yaradıcılığından bəhs edən sərginin təşkil edildiyini xatırladır: “Azərbaycanın qədim şəhəri Gəncədə doğulan şairə XII əsrdə yaşayıb. O, əsərlərində qadın azadlığını, qadınların kişilərlə bərabər hüquqlara malik olduqlarını tərənnüm edib”.

 

Miluz Universitetində Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunan elmi konfransın yüksək səviyyədə keçirildiyini xatırladan müəllif bu təhsil ocağında Azərbaycan şairəsinin adını daşıyan məşvərət zalının açıldığını bildirir. Yazıda fakültənin dekanı xanım Qreta Komur-Tilloyuna istinadən zalın yenidən qurulmasına, orada şairənin fransız və ingilis dillərinə tərcümə olunmuş əsərlərinin nümayişinə Heydər Əliyev Fondunun göstərdiyi yardım yüksək qiymətləndirilir.

 

Qəzetdə dərc olunmuş “İcmalar axtarışı üçün” adlı digər məqalədə Miluzun Ot-Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində Heydər Əliyev Fondunun xeyirxah missiyası sayəsində Məhsəti Gəncəvi məşvərət zalının açıldığı qeyd olunur.


http://www.dna.fr/edition-de-mulhouse-et-thann/2014/06/26/pour-des-recherches-communes