“Euronews” televiziya kanalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş yürüş haqqında süjet hazırlayıb.
Reportajda Kannın Kruazet sahilinin Azərbaycan bayraqları ilə bəzədildiyi vurğulanıb: “Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya oyunlarına hazırlığın başlanması belə qeyd edilib. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilib”.
Reportajda yürüşün qalibi – Nitsanın 25 yaşlı sakini Maksans Vodelin fikirlərinə də yer verilib: “Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi”.
Yürüşün 3 qalibinin Bakıda keçiriləcək ilk Avropa oyunlarına dəvətnamə qazandıqlarının qeyd olunduğu reportajda bildirilir ki, dəvətnamələri onlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib: “Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edib”.
Süjetdə yürüşün Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirildiyi də vurğulanır.
http://www.euronews.com/2014/