Dekabrın 17-18-də Bakıda 2009-cu il – “Uşaq İli”nin yekunlarına həsr olunmuş Azərbaycan Uşaqlarının I Forumu keçiriləcəkdir.
Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil edilən Forum ölkəmizdə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqlara cəlb edəcək, 2009-cu ilin “Uşaq İli” elan olunmasının vacibliyini və əhəmiyyətini vurğulayacaq, uşaqların müdafiəsi və inkişafı sahəsində qazanılan ən yaxşı təcrübələri nəzərdən keçirəcək, qarşıya çıxan maneələri, mövcud problemləri araşdıracaq, zəruri tədbirləri müəyyənləşdirəcəkdir.
Azərbaycanın 56 rayon və şəhərindən 250 uşaq Forumda arzularını, təklif və təşəbbüslərini səsləndirmək imkanı əldə edəcəkdir.
Tədbirin yekununda isə bəyannamənin qəbulu nəzərdə tutulur.
Forumun açılış mərasimi dekabrın 17-də “Landmark” otelinin “Rotunda” zalında, bağlanış mərasimi isə dekabrın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olacaqdır.
Dekabrın 16-da Azərbaycan Uşaqlarının I Forumunun nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.