5 iyul 2013

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz konserti keçiriləcək

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində bu gün caz konserti keçiriləcək.


Bir saatlıq konsert proqramında Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları, eləcə də muğam-caz nümunələri təqdim olunacaq.

 

Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Azərbaycan cazının tarixinə həsr olunan “Azərbaycan cazının antologiyası” kitabı da təqdim ediləcək.

 

Qeyd edək ki, ötən gün Kannda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan iştirak edib. 

 

İlk tədbir “Qız Qalası”, “Ceyranlar” və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgilərinin açılışı olub.

 

Qız Qalasının təbliği məqsədi daşıyan “Qız Qalası” sərgisi, həmçinin nəsli kəsilməkdə olan ceyranlara diqqəti cəlb etmək üçün keçirilən “Ceyranlar” sərgisi iyirmi gün ərzində davam edəcək.

 

Ötən gün, həmçinin Azərbaycandan olan atəşfəşanlıq qrupu möştəşəm şou proqramla “Pirotexnika sənəti” (d'Art Pyrotechnique) Kann festivalının rəsmi açılışını edib.

 

Qeyd edək ki, bu günlər Kann şəhəri və ətraf bölgələr Azərbaycanın tanıtım baner və posterləri, bayraqları ilə bəzədilib.