27 noyabr 2013

Fransada Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbirlər keçiriləcək

UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günlərində Fransanın Reyms şəhərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

X əsrdən başlayaraq bir çox Fransa kralının tacqoyma mərasiminin keçirildiyi şəhər kimi tanınan Reyms həm də müxtəlif mədəni tədbirlərin məkanı sayılır. Bu şəhər incəsənət və tarix baxımından Fransa şəhərlərinin Milli siyahısına daxil edilib.

 

Noyabrın 28-də Reymsdə açılacaq sərgi insanlarda ilk azərbaycanlı şairənin fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılacaq və iki həftəyədək davam edəcək sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncə şəhərində çəkilmiş foto-şəkillər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri  nümayiş olunacaq.

 

Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil olunacaq Beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaq. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim olunacaq.   

 

Noyabrın 30-da isə Avropanın ən tanınmış musiqi məbədlərindən sayılan Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. Konsert proqramında  klassik Azərbaycan musiqisi ilə yanaşı, xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Samir Cəfərov və başqa mügənnilərin ifasında Məhsəti Gəncəvinin rübailərinə yazılmış mahnılar və şairənin fransız dilinə tərcümə olunmuş rübailəri səsləndiriləcək.