4 dekabr 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburqda "Azərbaycan gecəsi" keçiriləcək

Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə dekabrın 5-də Avropanın ən böyük liman şəhərlərindən biri olan Hamburqda "Azərbaycan gecəsi" keçiriləcək.

 

Hamburqun tarixi Börsensaal zalında təşkil olunacaq gecədə rəsm və foto sərgiləri və bu işlərin fotoproeksiyaları təqdim ediləcək.

 

Stendlərdən birində ölkəmizdə Almaniya mövzusunda ənənəvi olaraq keçirilən “Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqələrində qalib gəlmiş gənclərin rəngkarlıq işləri nümayiş etdiriləcək. Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdikləri əsərlərin təqdimatı bundan əvvəl Ştutqart və Köln şəhərlərində də keçirilmişdi.

 

Tədbirdə nümayiş olunacaq digər stenddə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək. Fotoşəkillərdə vaxtilə Avropada ən böyük və müasir misəridən zavodu Gədəbəydə inşa etdirmiş Siemens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyəti və yaşam tərzi əks olunur.

 

"Azərbaycan gecəsi"ndə virtuoz caz ifaçısı İsfar Sarabskinin konserti də olacaq.