logo_site.jpg
26 noyabr 2014

Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək

Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

 

Tədbir çərçivəsində qonaqlar “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. “Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilmiş film təqdim olunacaq. Filmdə bu yarışa hazırlıqla bağlı Bakıda aparılan işlər, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb.

 

Təqdimat mərasimində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımlarının çıxışı da olacaq.

 

Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Təqdimat mərasimlərində məqsəd ilk dəfə keçiriləcək Avropa Oyunları, eləcə də Azərbaycanın bu yarışlara hazırlığı barədə digər ölkə izləyicilərinin məlumatlandırılması, Azərbaycanın mədəniyyət və incəsənətinin, adət-ənənələrinin təbliğidir.

 

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.