“Hyperion” Universitetində “Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi” adlı konfrans

27 fevral 2014


Fevralın 27-də Buxarestin “Hyperion” Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi” adlı konfrans keçirilib.

 

Tədbirdə universitetin rəhbərliyi və müəllim heyəti, tələbələri, Buxarest Yazıçılar İttifaqının nümayəndələri, Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin tədqiqatçıları, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar toplumunun nümayəndələri iştirak ediblər.

 

“Hyperion” Universitetinin hüquq, jurnalistika və psixologiya fakültəsinin dekanı İon Marin bu cür tədbirlərin dünyada baş verən münaqişələrə düzgün qiymətin verilməsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib, Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin və onların havadarlarının məkrli siyasətindən danışıb. İ.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs edib.

 

Rumıniyanın Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin baş tədqiqatçısı Lavinia Kristiana Lupu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, onun ağır nəticələri haqda danışıb, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalı qətliamında birbaşa iştirak etdiyini bildirib.

 

Daha sonra Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea “Dağlıq Qarabağ münaqişəsi və Xocalı” adlı interaktiv təqdimatla çıxış edib.


Tədbirin sonunda Xocalı soyqırımı barədə qısametrajlı film göstərilib, tədbir iştirakçılarına faciə ilə bağlı broşürlər və kitablar paylanılıb.


1.JPG2.jpg3.jpg4.jpg5.jpg

Paylaş: