Buzovna qəsəbəsində 5 nömrəli texniki peşə məktəbi

  • Layihə
  • Foto


Xəzər rayonunun Buzovna qəsəbəsindəki 5 nömrəli texniki peşə məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2012-ci il sentyabrın 14-də təhsil ocağının açılışında iştirak edib.

 

Texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib. Yenidənqurmadan sonra məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub.

 

Məktəbdə ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar yaradılıb ki, bu stidiyalar birbaşa yayım imkanlarına malikdir.

 

Məktəbdə akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanalar yaradılıb. Kitabxanada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də vardır.

 

Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib.

 

5 nömrəli texniki peşə məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotelemontajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır.

 

Burada təhsil ikiillikdir. Hazırda təhsil alan şagirdlərin sayı 160 nəfərdir. Gələcək illərdə onların sayı 320-ə çatdırılacaq.



001.JPG
006.JPG
008.JPG
009.JPG