5 avqust 2010

Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatmışdır.


Festivalın sonuncu günü Böyük Britaniyanın dünyaşöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olmuşdur. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski və dünyaşöhrətli rusiyalı pianoçu Boris Berezovski müşayiət etmişlər. Konsertdə bəstəkar Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün konsert” və “2 saylı simfoniya” əsərləri səsləndirilmişdir.

 

Xatırladaq ki, on iki gün davam edən festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçirilmişdir. Yerli və əcnəbi klassik musiqi həvəskarları ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünyaşöhrətli korifeylərin, festivalın fəxri qonağı olan Böyük Britaniyanın Kral Flarmonik Okestrinin ifasında ölməz əsərlər dinləmişlər. Festival çərçivəsində gənc musiqiçilər üçün ustad dərsləri keçilmişdir.

 

İyulun 30-da keçirilən festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etməsi bu tədbirin Azərbaycan musiqisinin dünyaya təqdim edilməsində nə qədər önəmli bir hadisə olduğunu göstərmişdir.

 

Sonda Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək II Qəbələ Festivalının uğurla keçdiyini bildirmiş, bu musiqi bayramının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, həmçinin festivalda iştirak edən musiqiçilərə minnətdarlıqlarını ifadə etmişlər.

 

Festival möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.