03.jpg
2 mart 2007

Qəbələdə Heydər Əliyev muzeyinin açılış mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ rayonuna gəlmişdir.

 

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar var idi.

 

Azərbaycan Prezidenti əvvəlcə Qəbələdə Heydər Əliyev muzeyinin təntənəli açılış mərasimində iştirak etdi.

 

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, ulu öndərin muzeydə qoyulmuş büstü önünə gül dəstəsi qoydu.

 

200-dən artıq fotoşəkil, arxiv sənədləri və müxtəlif kitablar toplanmış muzey həm də Heydər Əliyev Fondunun Qəbələ filialı kimi də fəaliyyət göstərəcəkdir. Burada kitabxana, sənədli filmin nümayişi üçün salon var. Ekspozisiya ulu öndərin uşaqlıq və gənclik illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki dövründən, Moskvada SSRİ-nin ali rəhbərliyində işlədiyi, habelə sonralar Naxçıvanda yaşadığı illərdən bəhs edir. Eyni zamanda, muzeydə ümummilli liderin 1978-ci və 2002-ci illərdə Qəbələ rayonuna səfərləri və burada keçirdiyi görüşləri əks etdirən fotoşəkillər də toplanmışdır.

 

Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü il mayın 10-da "Heydər Əliyev İrsi Beynəlxalq Elektron Kitabxana" yaradılmışdır. Bu layihənin müəllifi "Azərbaycan Nyumedia" şirkətidir. Burada ulu öndərin zəngin irsini əks etdirən materiallar toplanmışdır. 25 dildə hazırlanmış və 100 mindən çox sənədin yerləşdiyi sayt daim zənginləşdirilir, ekspertlər tarixi araşdırmalar aparır. Azərbaycanın xarici dövlətlərlə münasibətlərinə dair qısa oçerklər, məlumat, sorğu materialları toplanmışdır. Saytın fotoqalereyasında ulu öndərə aid nadir fotolar da vardır. Hər ay 100-dən çox ölkədən 10 min oxucu sayta daxil olur. Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin vətəndaşları bu sayta mütəmadi müraciət edir və sənədlərlə tanış olurlar. Muzeydə tədbirlərin, təlimlərin və veb-konfransların keçirilməsi, videomaterialların nümayiş etdirilməsi üçün brifinq zalı da vardır. Məktəblilər də muzeyə daim gələcək və ulu öndərin zəngin irsi ilə tanış ola biləcəklər.

 

Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.


FOTO