3.jpg
14 iyun 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan mədəniyyət sarayının açılış mərasimində iştirak edib

İyunun 14-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə müasir tələblər səviyyəsində yenidən qurulmuş Mərdəkan mədəniyyət sarayının təntənəli açılış mərasimi olmuşdur.

 

Mehriban xanım Əliyeva əzəmətli görkəm almış sarayın açılışını bildirən lenti kəsdi.

 

Bakının Əzizbəyov rayonu ictimaiyyəti nümayəndələrinin toplaşdığı mərasimdə Mehriban xanım Əliyeva son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, buna əsaslanaraq Heydər Əliyev Fondunun bütün ölkə ərazisində təhsil, səhiyyə, mədəniyyətlə bağlı həyata keçirdiyi layihələrdən söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman mədəni irsə böyük önəm vermiş, onun qorunaraq gələcək nəsillərə çatdırılmasını vacib məsələ hesab etmişdir. Ulu öndərimizin adını daşıyan Fond da onun yolunu davam etdirərək, milli-mənəvi dəyərlərin qorunmasını, xalqımızın zəngin mədəniyyətinin dünyada tanıdılmasını əsas vəzifələrindən biri sayır. Mərdəkan mədəniyyət sarayının yenidən qurularaq, yüksək səviyyəli mədəniyyət ocağına çevrilməsi də bu istiqamətdə görülən işlərin bir nümunəsidir. Əminik ki, qapılarını yenidən açan saray ölkəmizin aparıcı mədəniyyət ocaqlarından birinə çevriləcəkdir.

 

Mədəniyyət sarayının binası 1961-ci ildə istifadəyə verilmişdi. Uzun illər uğurla fəaliyyət göstərən saray ölkəmiz üçün gərgin keçən 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində bir çox sosial-mədəni obyektlər kimi istifadəsiz qalmış, baxımsızlıqdan tamamilə yararsız və qəzalı vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun prezidenti, Əzizbəyov rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sarayda əsaslı yenidənqurma işləri görülmüş, bina büsbütün yeni görkəm almışdır.

 

Mehriban xanım Əliyeva sarayın qarşısındakı yaraşıqlı fəvvarə ətrafında rəqs edən gəncləri salamladı, milli memarlıq elementləri ilə bəzədilmiş foyeni, salonu və otaqları gəzərək ən müasir, yüksək zövqə uyğun quraşdırılmış avadanlıqla, ümummilli liderimiz Heydər Əliyevin büstü qoyulmuş konfrans salonu ilə tanış oldu. Ayrı-ayrı dərnəklərdə məşğələ və məşqlərin keçirilməsinə baxdı, mumdan sürətlə, bacarıqla hazırladığı fiqurlarla müəllimləri və uşaqları təəccübləndirdi. Sərgi salonuna baxan Mehriban xanıma məlumat verildi ki, buradakı "Dədə Qorqud", "Novruz gəlir", "Fantaziya", "Bahar çələngi" kompozisiyaları bir sıra xarici ölkələrdə və YUNESKO-nun iqamətgahında da nümayiş etdirilmiş, maraqla qarşılanmışdır.

 

Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir. Sarayın 374 nəfərlik böyük salonunun səhnəsində müasir videomonitor quraşdırılmış, işıq və səs sistemləri yeniləşdirilmişdir. Hazırda ümumi sahəsi 4641 kvadratmetr olan sarayda 150 nəfərlik kiçik salon, mühazirə və rəqs salonları da var. Bədii özfəaliyyət kollektivlərinin fəaliyyəti bərpa olunmuşdur. 10-dan artıq dərnək fəaliyyət göstərir. Mədəniyyət sarayının təxminən 10 min nüsxə kitabdan ibarət fondu olan kitabxana əvvəlki kimi minədək deyil, 6-7 min oxucuya xidmət göstərə biləcəkdir. Yeni təşkil olunmuş elektron kitabxananın xidmətindən isə gün ərzində 40-50 nəfər istifadə edə bilər. Hazırda sarayda 60 nəfər üçün iş yeri açılmışdır.

 

Açılış günü sarayda Milli qurtuluş gününə həsr edilmiş konsert olmuşdur.


FOTO

Paylaş: