1 noyabr 2006

Şəmkir şəhərində Heydər Əliyev muzeyinin açılışı olub

Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.

 

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.

 

Muzeyin direktoru Fəxri Yusibov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi sahəsi 567 kvadratmetr olan ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, inzibati otaqlar və arxiv yerləşmişdir. İkinci mərtəbədə isə iki ekspozisiya salonu və elektron kitabxana zalı vardır.

 

Heydər Əliyev Fondunun verdiyi tərtibat əsasında hazırlanmış ekspozisiyada ulu öndərin uşaqlıq və gənclik illərinə, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza rəhbərliyinin hər iki dövrünə, Azərbaycanın yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsinə, ordu quruculuğu sahəsindəki fəaliyyətinə, xarici ölkələrə səfərlərinə aid fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı materiallar kompyuterlərin yaddaşına və disklərə yazılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə muzeydə rayonun ən fəal gəncləri, məktəbliləri üçün xüsusi kurslar da açılacaqdır.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəssam Afaq Kərimovanın üzərində ulu öndərin ayrı-ayrı sahələr üzrə tarixi xidmətlərini nümayiş etdirən "Heydər Əliyev və Azərbaycan xilaskarı" adlı rəsm əsərinə maraqla tamaşa etdilər, muzeyin ekspozisiyasına, o cümlədən əbədiyaşar Prezidentin 1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkirə səfərlərini və burada keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə, ümummilli liderin xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünə baxdılar.

 

Prezident İlham Əliyev gənclərin bu cür muzeylərdən mərkəz kimi istifadə edərək, Heydər Əliyevin zəngin irsini öyrənməsinin əhəmiyyətli olduğunu bildirdi.

 

Azərbaycan Prezidenti muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.