04_MIRZA_FATALI_AXUNDZADA_HEYKAL_ACHILISH.JPG
23 noyabr 2012

Moskvada Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin abidəsinin açılışı olub

M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin açılış mərasimi olub. Layihə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və M. İ. Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə birlikdə həyata keçirilib. Abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V. İ. Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü Zaur Rzayevdir.


Təntənəli mərasimi kitabxananın baş direktoru Yekaterina Geniyeva açdı. O, Moskvada M. F. Axundzadənin abidəsinin qoyulmasını iki xalqın mədəni həyatında əhəmiyyətli hadisə adlandırdı.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etdi ki, bu gün iki ölkənin mədəniyyət və qarşılıqlı münasibətlər tarixində əlamətdar hadisədir, “belə ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız və mədəniyyətlərimiz arasında dostluğun təməlini qoymuş bir insanın abidəsi açılır”. O, razılıq hissi ilə demişdir ki, qədirbilən nəsillər M. F. Axundzadə kimi görkəmli şəxsiyyətləri unutmurlar.


Polad Bülbüloğlu bu ideyanın reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya, habelə bu ideyanın həyata keçirilməsi üçün xeyli səy göstərmiş vitse-prezident Leyla Əliyevaya dərin minnətdarlığını bildirdi.


Sonra tədbir kitabxananın Dəyirmi salonunda M.F.Axundzadənin “İnsan zəkası – ilahi ərməğan...” adlı seçilmiş əsərlərinin təqdimatı ilə davam etdi.


Sonda Moskva Dövlət Linqvistika Universitetinin tələbələri M. F. Axundzadənin “Şərq poeması”ndan parçalar səsləndirdilər.


FOTO