_MG_1148.jpg
17 yanvar 2012

Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur. 


Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.


Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olunmuşdur. Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə açılan “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi Fondun prezidenti Mehriban xanım Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində mədəniyyətimizin təbliğinin prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləmişdir. Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru dünyada məşhur layihələrin müəllifi Erve Mikaelofdur. Sərginin təşkil olunmasında isə Heydər Əliyev Fondunun İncəsənət üzrə məsləhətçisi Şirin Məlikova yaxından iştirak etmişdir.


“Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri demişdir ki, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər edib. Səfər zamanı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası, keyfiyyəti və orijinallığı onu heyran qoyub. Nəticədə bu sərgini keçirmək qərarına gəlib.


London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.


Sərginin açılışında çıxış edən “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu cür tədbiri məhz Londonda keçirmək çox əlamətdar hadisədir.


Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirmiş, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir.


Leyla Əliyeva tədbirdə çıxış etdi.  


Daha sonra çıxış edən sərginin kuratoru Erve Mikaelof bildirmişdir ki, bu ekspozisiya zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. O, qeyd etmişdir ki, Azərbaycan incəsənətinin dərin tarixi kökləri var və belə tədbirlər onu dünyada daha yaxşı tanıtmağa xidmət edir.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar.


Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi olduğu performansı izləmişlər. Təqdimatın məğzi insan həyatından bəhs edir. Rəssam nümayiş etdirir ki, insan doğulandan ölənədək həyatın əziyyətlərinə qatlaşmalı olur.


Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanmışdır. Onu da deyək ki, bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların dərin marağına səbəb olmuşdur.


Sərgidə bir çox gənc rəssamlarla yanaşı, Aida Mahmudovanın əsəri də bənzərsizliyi və üslubu ilə tamaşaçıları özünə cəlb etmişdir. Bu əsər də ideyasının və təsvir üslubunun orijinallığı ilə seçilir.


Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun, ümumiyyətlə, 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə diqqət çəkir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün və düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları maraq doğurur. Sərgiyə qatılanlar sırasında müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların həmçinin, xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən incəsənət adamlarının adları vardır. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Heç şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çox sayda uğurlu layihələri də dayanır. Azərbaycan dünya incəsənətinə əvəzsiz töhfələr vermişdir. Ölkəmizin təbliği baxımından bu cür mərasimlərin təşkil edilməsi çox əlamətdar hadisə olmaqla yanaşı, həm də gənc azərbaycanlı rəssamların dünyaya tanıdılmasında da müstəsna rol oynayır. Şübhəsiz ki, bu sərgidə azərbaycanlı müəlliflərin işləri ziyarətçilərin əksəriyyətində müxtəlif xoş hisslər oyadaraq, insan qəlbinin ən incə tellərinə toxunur. Londonda keçirilən sərgiyə çox ciddi hazırlıq işləri görülüb. Çünki bu, miqyasına və mövzusuna görə çox böyük sərgidir.


Tədbir zamanı qonaqlara “Baku” jurnalının ingilisdilli versiyasının növbəti sayı paylanmışdır.


Burada nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaqdır.


Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır.


Sərgi ilə tanış olanlar ekspozisiya haqqında yüksək fikirlər söyləmişlər.


“Phillips de Pury & Company”nin rəhbəri Simon de Püri: “Bu sərginin Londonda təşkil etməyimizdən çox məmnunuq. Bu sərgidə Bakıda, ümumiyyətlə Azərbaycanda görülən işlərin fərqli aspektləri aydın görünür. Burada çox maraqlı rəsmlər, heykəllər, videosənət nümunələri təqdim olunub ki, onlar bu gün Azərbaycanda mövcud olan canlı koloriti əks etdirir. Şübhəsiz, bu sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Leyla Əliyeva lap əvvəldən bu layihənin aparıcı qüvvəsi olub”.


İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer: “Birləşmiş Krallıqla Azərbaycan arasında dostluq əlaqələri yüksək səviyyədədir, lakin onları daha da möhkəmləndirmək olar. Mənim məqsədim də bu əlaqələri istər mədəni, istər siyasi və digər sahələrdə daha da gücləndirməkdir. Məni ən çox heyran edən və məndə maraq doğuran əsas məsələ odur ki, Azərbaycanda ötən dövrdə çox böyük işlər görülüb”.


Məşhur futbolçu Andrey Arşavin: “Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlər həmişə böyük maraq doğurur. Bu sərgiyə gətirilən Azərbaycanın müasir incəsənət nümunələri məndə böyük maraq doğurdu. Onu da deyim ki, keçən yay ölkənizdə olmuşam. Həmin səfər məndə unudulmaz təəssüratlar yaradıb”.


“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin kuratoru Erve Mikaelof: “Bu sərginin təşkili gözəl hadisədir. Çünki bu sərgi Azərbaycandakı müasir incəsənət haqqında dolğun təəssürat yaradır, ölkənizdə incəsənətin müxtəlifliyini göstərir. İnsanlar da bu sərgiyə böyük maraq göstərdilər. Zənnimcə, bu işdə Heydər Əliyev Fondunun zəhməti böyükdür”.


Azərbaycanlı rəssam Məmməd Mustafayev: “Londonda bu tədbirin keçirilməsi Azərbaycan təsviri sənəti üçün bütün dünyaya yeni qapılar açır. Azərbaycan təsviri incəsənəti bütün dünyaya tanıdılır. Bu sahədə də Heydər Əliyev Fondunun rolu böyükdür”.


X X X


Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyinin nümayişi üçün daha bir imkan oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.



FOTO