1.JPG
27 sentyabr 2018

Nəsimi festivalının ilk günündən fotolar

Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayıb. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. 27-30 sentyabr tarixlərində keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

 

***

 

Festival sentyabrın 27-də şairin doğulduğu Şamaxı şəhərindən start götürüb. Burada İmadəddin Nəsiminin qardaşı Şaxəndan, eləcə də görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı ziyarət olunub. Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi keçirilib, tədbirdə Xalq artisti Alim Qasımovun musiqi ifası təqdim olunub.

 

Eləcə də Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olub. Dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, iki dildə - Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravürü hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

 

Daha sonra Şamaxının Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin finalçılarının iştirakı ilə tədbir keçirilib. Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilir. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər. Münsiflər heyətinin qərarı ilə onlardan 17 nəfər final mərhələsinə qalıb.

 

Meysəri kəndində, həmçinin “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olub. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunub. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdirilib. Tədbirdə Azərbaycanın “Le Gardiens du Silence” (“Sükut keşikçiləri”) qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edilib. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunub.

 

Sentyabrın 27-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində akustik və elektron musiqi axşamı keçirilib. Konsertdə ambient, sufi, qədim və yeni etnik musiqilər ifa olunub. İnsanı düşündürən, mənəvi kamilliyə səsləyən, ruhi rahatlıq  və sakitlik gətirən musiqilər qonaqlarda dərin təəssürat yaradıb.


FOTO