2.jpg
20 iyun 2019

İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi açılışı olub.

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları “Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və “AzerbaijanNews” xəbər portalıdır.

 

Festivalın rəsmi açılışında İtaliyanın dövlət rəsmiləri, parlament üzvləri, mədəniyyət, incəsənət aləminin tanınmış nümayəndələri, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, kinosevərlər iştirak ediblər.

 

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, Roma şəhər Meriyasının mədəni fəaliyyətə məsul qurumu olan “Zetema”nın nümayəndəsi Patrizia Bracci tədbirdə çıxış ediblər.

 

Festivalın rəsmi açılışından sonra Azərbaycan kinematoqrafiyasının incilərindən olan “Arşın mal alan” (1945-ci il istehsalı) filmi nümayiş olunub.

 

İyunun 22-dək davam edəcək İtaliyada İkinci Azərbaycan Film Festivalı çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan “Son iclas” bədii-sənədli filmi, “Nar Bağı”, “Üçüncü Günün Adamı”, “Təhminə” kimi bədii filmlər nümayiş etdiriləcək.

 

Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və festivalın başlanmasından bir neçə gün öncə çoxsaylı kütləvi informasiya vasitələrində yazılar dərc olunub.

 

Festival, eyni zamanda, xüsusi olaraq yaradılmış https://www.facebook.com/cinemaazerbaigiano/ facebook səhifəsi üzərindən də təbliğ olunur.


FOTO