3.JPG
18 sentyabr 2019

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist, Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı simfoniyası səsləndirilib.

 

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edəcək. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, festival çərçivəsində sentyabrın 25-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı  və solistlərin iştirakı ilə konsert təşkil olunacaq. Həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.

 

Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar keçiriləcək.

 

Festival sentyabrın 30-dək davam edəcək.


FOTO

Paylaş: