Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edib.
Festival günlərində klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olundu. Builki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak etdilər.
Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, Xalq və Əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə reallaşan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurdu.