03.jpg
22 iyun 2025

Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.

 

İyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.

 

Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə tədbirdə çıxış ediblər.

 

Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb.

 

Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.

 

Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim edilib.

 

Tədbir müsabiqə laureatları və digər xanəndələrin ifasında maraqlı konsert proqramı ilə başa çatıb.

 

Beləliklə, "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrildi.


FOTO