Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinə start verilib. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edir.
Poeziya günlərinə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda başlanılıb. Tədbirin bədii hissəsində şairin əsərləri səslənib, Səməd Vurğunun “Vaqif” pyesindən səhnəcik nümayiş olunub.
İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Şuşa şəhərində yekunlaşacaq.
Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.