01.JPG
25 avqust 2025

9-cu Muğam Televiziya Müsabiqəsinə Laçında yekun vurulub

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn 9-cu Muğam Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.

 

Müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybalayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.

 

Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.

 

Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüblər.

 

Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutublar.

 

Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.

 

Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.

 

Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.


FOTO