1.jpg
29 sentyabr 2025

Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub.

 

Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda nümayişi reallaşıb.

 

Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb. Orkestrin dirijoru Mustafa Mehmandarov, tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, repetitorlar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Yuri Lobaçevdir.

 

Üçpərdəli, beşşəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artist İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.

 

Ehsan paşa – Fəhmin Əhmədli, İbrahim xan – Nazim Mahmudov, Həmzə bəy – Əməkdar artist Fərid Əliyev, Alı – Xalq artisti Əkrəm Poladov, kəndli Nadir və Eyvaz rollarında isə Nəzər Bəylərov səhnədə olub. Digər rolları Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək və Carçı), Hidayət Əliyev (Polad), Xalq artisti Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artist Tural Ağasıyev və Məmmədhəsən Şəmmədov (Əyanlar) canlandırıblar. Zəngin ifa tərkibi və yüksək səhnə mədəniyyəti ilə təqdim olunan tamaşa Üzeyir Hacıbəyli festivalının yaddaqalan anlarından olub.

 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edib. Eləcə də bu çərçivədə unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və tədbirlər digər ölkələrdə də reallaşıb.


FOTO