1.JPG
30 dekabr 2009

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Buta” sarayında uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyində iştirak edib

Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir.

 

Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından bəhs edən film göstərildi.

 

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba “sehrli çubuğu” ilə yolkanı işıqlandırdı.

 

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər. Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqqaslara qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

 

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və valideynlərin diqqətindən yayınmadı.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür etdilər.

 

Balacalar Mehriban xanımla xatirə şəkli çəkdirdilər. Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi və Azərbaycan bəstəkarlarının 16 populyar və sevilən uşaq mahnısından ibarət yeni disk hədiyyə olundu.

 

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində ümumilikdə 3 min uşaq iştirak edəcəkdir.

 

Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların “Buta” sarayına təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.


FOTO