001.jpg
29 dekabr 2008

Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

 

Dekabrın 29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısından bəhs edən film göstərildi.

 

Şaxta baba və Qar qızın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba “sehrli çubuğu” ilə yolkanı işıqlandırdı.

 

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər.

 

Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

 

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və onların müşayiətçilərinin diqqətindən yayınmadı.

 

Azərbaycanda uşaqlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma Azərbaycan uşaqları adından sevgi və məhəbbətin ifadəsi olaraq mükafat təqdim edildi.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Uşaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər.

 

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.

 

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

 

Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların “Gülüstan” sarayına təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı.


FOTO