2.JPG
28 dekabr 2007

Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu “Gülüstan” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum olan, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir. Builki şənliklərə, ümumilikdə, 2 mindən çox uşaq dəvət olunmuşdur.

 

Dekabrın 28-də Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı Arzu uşaqlarla səmimi söhbət etdilər, onlarla ayrılıqda şəkil çəkdirdilər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısından bəhs edən film göstərildi.

 

Şaxta baba və Qar qızın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Yolkanı “sehrli çubuğu” ilə işıqlandıran Şaxta baba uşaqlar arasında oyunlar keçirdi, qaliblərə hədiyyələr verdi.

 

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər.

 

Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara ərməğan edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram tədbirini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, bər-bəzəkli yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

 

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və onların müşayiətçilərinin diqqətindən yayınmadı.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.

 

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

 

Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların saraya təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı.

 

Heydər Əliyev Fondu dekabrın 29-da Bakıda və respublikamızın rayonlarında bayram şənlikləri təşkil edəcəkdir.


FOTO