01_GULUSTAN - SHANLIK - HEYDAR ALIYEV FONDU.jpg
28 dekabr 2006

Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Heydər Əliyev Fondu dekabrın 28-də "Gülüstan" sarayında Bakının müxtəlif orta məktəblərinin təhsildə xüsusilə fərqlənən şagirdləri, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir.


Əsl qarlı qış havasına baxmayaraq, şənlikdə mindən çox uşaq iştirak edirdi, bütün dəvət olunanlar bol süfrəli masaların arxasında öz yerlərini tutmuşdular.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən film nümayiş etdirildi və sürəkli alqışlarla qarşılandı.

 

Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısına həsr olunmuş sənədli filmin sonunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqlara ünvanlanmış bayram təbriki də salona toplaşmış uşaqlarda, onları müşayiət edən böyüklərdə xoş əhval-ruhiyyə yaratdı.

 

İncəsənət ustaları, gənc istedadlar, uşaq bədii özfəaliyyət kollektivləri oynaq, şux mahnılar və rəqslərlə bayram tədbirini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Şənlikdə maraqlı müsabiqələr də təşkil olunmuş, qaliblərə Heydər Əliyev Fondunun mükafatları və hədiyyələri təqdim edilmişdir.

 

Ən yaddaqalan məqamlardan biri, şübhəsiz ki, Şaxta baba və Qar qızın möhtəşəm saraya gəlişi idi.

 

Bakı teatrlarının milli geyimli, eləcə də maskalı aktyorları 3 saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün bütün istedad və bacarıqlarını sərf edirdilər.

 

Onu da deyək ki, havanın soyuq olması, çoxlu qar yağması nəzərə alınaraq, şənlik iştirakçılarının saraya təhlükəsiz, rahat gediş-gəlişi üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xahişi və tövsiyəsi ilə müvafiq tədbirlər görülmüşdü. Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması, nümayiş etdirdikləri yüksək mədəniyyət də uşaqların və onların müşayiətçilərinin diqqətindən yayınmadı.

 

Şənliyin sonunda hər bir iştirakçıya üzərində Heydər Əliyev Fondunun loqosu olan bayram hədiyyələri də təqdim olundu.

 

Artıq üçüncü ildir ki, təşkil olunan Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

 


FOTO