1.jpg
29 dekabr 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Gülüstan" sarayında uşaqlar üçün keçirilən bayram şənliyində iştirak edib

Heydər Əliyev Fondu artıq üçüncü ildir ki, "Gülüstan" sarayında Bakının müxtəlif orta məktəblərində təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlikləri keçirir. Şənliklərə minlərlə uşaq dəvət olunmuşdur.


Dekabrın 29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva növbəti bayram şənliyində iştirak edərək, bir neçə saat uşaqlarla birlikdə olmuş, qızı Arzu ilə birlikdə onların sevinc və fərəhini bölüşmüşdür.

 

Bayırda əsl qarlı qış havası olmasına baxmayaraq, şənlikdə mindən çox uşaq iştirak edirdi. Bakı teatrlarının aktyorları elə sarayın girişindən uşaqları qarşılayaraq onları öz yerlərinə ötürürdülər.

 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən film nümayiş etdirildi. Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısına həsr olunmuş qısa sənədli film də göstərildi.

 

Şaxta baba və Qar qızın al-əlvan bəzədilmiş, işıq selinə bürünmüş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı.

 

Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər.

 

Salona toplaşmış uşaqların, onları müşayiət edən böyüklərin çöhrələrində bu gözəl bayram şənliyini onlara ərməğan edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Aparıcıların təbrikləri, personajların şən zarafatları bu ovqatı daha da artırırdı. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

İncəsənət ustaları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram tədbirini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, bər-bəzəkli yolkalar ətrafında yallı gedən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

 

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması, nümayiş etdirdikləri yüksək mədəniyyət də uşaqların və onların müşayiətçilərinin diqqətindən yayınmadı.

 

Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN XANIM ƏLİYEVA bayram şənliyində çıxış edərək dedi:

 

- Əziz uşaqlar, hörmətli valideynlər və müəllimlər! Mən sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Qurban bayramı və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və gələcəkdə yeni-yeni uğurlar arzulayıram. Qoy yeni ildə ürəyinizdə olan bütün arzular gerçəkləşsin, həyata keçsin.

 

Mən çox şadam ki, artıq bir neçə ildir, Yeni il bayramlarını biz birlikdə, gözəl "Gülüstan" sarayında keçiririk. Heydər Əliyev Fondunun təşəbbüsü artıq bir ənənəyə çevrilib və mən çox şadam ki, belə gözəl bayramlar keçirilir və bu gün, əziz uşaqlar, sizin sevinciniz bizim Heydər Əliyev Fondunun fəaliyyətinə ən yüksək qiymətdir.

 

Əziz uşaqlar, siz doğma Azərbaycanımızın gələcəyisiniz, sabahısınız. Azərbaycanın da gələcəyi elm, təhsil və yüksək texnologiyalarla bağlıdır. Ona görə siz gərək çox yaxşı oxuyasınız, hərtərəfli biliyə malik olasınız.

 

Siz bilirsiniz ki, bizim ölkədə dövlət təhsilə çox böyük diqqətlə yanaşır. Üç il ərzində ölkəmizdə 735 yeni məktəb tikilib, ən müasir avadanlıqla təmin olunubdur. Hər bir məktəbdə müasir kompyuter sinfi var. Bunlar hamısı ona görədir ki, Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz.

 

Biz valideynlər üçün sizləri savadlı, sağlam, bacarıqlı, ləyaqətli insan görmək ən boyük xoşbəxtlikdir.

 

Bir daha hamınızın bayramlarını təbrik edirəm, sizə cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

 

Şənlik iştirakçıları Mehriban xanımın çıxışını sürəkli alqışlarla qarşıladılar.

 

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.

 

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.

 

Onu da deyək ki, havanın soyuq olması, çoxlu qar yağması nəzərə alınaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə iştirak edən uşaqların saraya təhlükəsiz gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdı.


FOTO