26 fevral 2005

Xocalı faciəsinin 13-cü ildönümü münasibətilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Xətai rayonundakı “Vətən harayı” abidəsinin önünə əklil qoyulub

Fevralın 26-da Xocalı faciəsinin 13-cü ildönümü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Xətai rayonundakı “Vətən harayı” abidəsinin önünə əklil qoyulmuşdur.

 

Əvvəlki gün isə Fondun nümayəndələri Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə görüşmüşlər.


Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xocalılılara Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmimi salamlarını çatdırmış, onlara başsağlığı vermişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Rəhimov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış etmişlər. Onlar bildirmişlər ki, ölkəmizin rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində artıq dünya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi, erməni faşistlərinin Xocalıda törətdiyi soyqırımı haqqında əsil həqiqətləri anlamağa başlamış, bir sıra dövlətlər, nüfuzlu beynəlxalq qurumlar Ermənistanı təcavüzkar adlandırmışlar. Ermənilərin xalqımıza qarşı cinayətləri, o cümlədən Xocalı qırğınını törədənlər cəzasız qalmayacaqdır.

 

Məktəblilər Vətən, Qarabağ, Xocalı haqqında mahnılar və şeirlər ifa etmişlər.


Mərasimdən sonra Heydər Əliyev Fondunun nümayəndələri 2 nömrəli Xocalı şəhər məktəbi ilə tanış olmuşlar. Bildirilmişdir ki, Xocalı məktəblərinə lazımi şərait yaratmaq, istedadlı uşaqlara öz qabiliyyətlərini inkişaf etdirmək üçün Fond müxtəlif tədbirlər görəcəkdir.