26 avqust 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay Şahmat Məktəbi əsaslı şəkildə təmir edilir

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay şəhərindəki şahmat məktəbinin əsaslı şəkildə təmirinə başlanmışdır. 


Məktəbin binasında söküntü işləri artıq başa çatdırılmış və bu günlərdə inşaat işlərinə başlanmışdır. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binası yenidənqurma işləri nəticəsində ikimərtəbəli olacaqdır. Hazırda binanın ikinci mərtəbəsinin tikinti işləri həyata keçirilir. Müasir üslubda tikiləcək və lazımi avadanlıqla təmin ediləcək Göyçay Şahmat Məktəbində ilk dəfə istilik sistemi də quraşdırılacaqdır. Binanın birinci mərtəbəsində dərs otaqları, ikinci mərtəbəsində isə yarış zalı və yardımçı otaqlar olacaqdır. Əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Mirzəhüseynli və Şəhadət kənd məktəblərində, şəhər 5 nömrəli orta məktəbdə təmir-bərpa işləri görülür. Bundan başqa, hazırda dövlət vəsaiti hesabına Ləkçıplaq və Çərəkə kəndlərində 360, Ulaşlı-Şıxlı kəndində 220 yerlik məktəb binalarının inşası davam etdirilir.